Azərbaycan-UNESCO əlaqələri

UNESCO – Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı – Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014). Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.

UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.