Azərbaycan Yubileyləri UNESCO-da

Azərbaycan Respublikasının UNESCO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin Yubileylər Proqramı” çərçivəsində beynəlxalq səviyyədə qeyd etdiyi yubileylər

1994-cü ildən başlayaraq YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı YUNESKO-da Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələrinin yubileyləri qeyd edilir. Bu günədər, UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilmişdir. Onların sırasında Orxon-Yenisey abidələrinin oxunmasının 100 (1994); böyük Azərbaycan şairi Füzuli (Muhammed ibn Süleyman) anadan olmasının 500 (1996), Epik Azərbaycan əfsanəsi Kitab-i Dədə Qorqud Dastanının 1300 illik yubileyi (2000), böyük alim Nəsirəddin Tusinin anadan olmasının 800 (2001), şərqşünas alim Mirzə Kazımbəyin 200 (2002), görkəmli alim, akademik Yusif Məmmədəliyevin 100 (2005), məşhur rəssam, xalça ustası Lətif Kərimovun 100 (2006), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 (2008), görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 (2008), böyük rəssam Səttar Bəhlulzadənin 100 (2009), tanınmış alim, akademik Musa Əliyevin 100 (2009), orta əsrlərin məşhur şairəsi və alimi Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 (2013), filosof alim Seyid Yəhya Bakuvinin vəfatının 550 (2013), dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 (2018), Bakı Dövlət Universitetinin 100 (2019), Fikrət Əmirovun anadan olmasının 100 illik (2022) və s. yubiley tədbirlərinin adını çəkmək olar. Mədəniyyətlərin qovuşduğu körpü rolunu oynayan Azərbaycan Respublikası UNESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

1994

Orxon-Yenisey abidələrinin oxunmasının 100 illiyi

Dünya alimləri uzun müddət elə düşünürdülər ki, türklər köçəri həyat sürdüklərinə görə onların öz yazısı, əlifbası olmamışdır. 1893-cü ilə kimi qədim türklərin mədəniyyəti haqqında elmə çox az şey məlum idi. Bir çox alimlər Orxon-Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu, ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib oldu. O, əvvəlcə Kültigin abidəsindən “tenqri”, “türk”, “Kültigin” sözlərini Çin heroqlifləri ilə yazılmış mətndəki uyğun sözlərlə qarşılaşdırıb t, nq, r, ü, k, l hərflərini oxudu və beləliklə, məlum oldu ki, bu sirli yazılar müasir türkdilli xalqların əcdadlarına məxsusdur. 1894-cü ildə rus alimi Vasili Radlov Kültigin abidəsinin mətnini tam olaraq oxudu və tərcümə etdi.

Tədqiqatlar göstərdi ki, 38 hərfdən ibarət Orxon-Yenisey əlifbası başqa dillərdən alınmamış, xüsusi olaraq türk dili üçün icad edilmişdir. Buradakı hərflər məhz türk dilindəki spesifik səsləri işarə edir. Orxon-Yenisey əlifbası ilə yazılan mətnlərdə sözlər bir-birindən iki nöqtə ilə ayrılır. Cümlələr sağdan sola, bəzən də yuxarıdan aşağıya yazılır. Qədim Göytürk dövləti, türk tayfaları, türk dili, adət-ənənələri haqqında ən geniş məlumatı üç böyük türkün – Kültigin, Bilgə xaqan və Tonyukukun şərəfinə qoyulmuş abidələrdən əldə etmək olur. Bu abidələr VI-VIII əsrlərdə mövcud olmuş böyük Göytürk imperatorluğunun yadigarıdır.

Əlamətdar haldır ki, dünya türkləri üçün son dərəcə önəmli olan bu hadisənin beynəlxalq miqyasda qeyd edilməsi təşəbbüsü məhz ölkəmiz tərəfindən irəli sürülmüşdür.

UNESCO İcraiyyə Şurasının 1993-cü ilin 7 may tarixində keçirilən 141-ci sessiyasında üzv ölkələrin 1994-1995-ci illərdə keçirilməsini təklif etdikləri yubileylərə dair təşkilatın Baş direktorunun təqdimatına baxılmışdır. Baş direktor, keçirilməsi uyğun olan əlavə yubileylərə dair də İcraiyyə Şurasını məlumatlandırmışdır. Bu çərçivədə sessiyanın gündəliyinin 9.2 nömrəli müvafiq bəndi üzrə Şuranın qərarlarının əks olunduğu xüsusi sənəd  qəbul olunmuşdur. Sənədin 19-cu bəndində qeyd edilirdi ki, Azərbaycan Respublikasının təhsil naziri tərəfindən təşkilatın Baş direktoruna ünvanlanmış 18 mart 1993-cü il tarixli məktubda Orxon-Yenisey abidələrinin oxunmasının 100 illiyinin 1994-cü ildə YUNESKO səviyyəsində qeyd edilməsi xahiş edilmişdir.

Sənədin növbəti – 20-ci bəndində göstərilirdi ki, Baş direktor hesab edir ki, bu tarixi hadisə YUNESKO-nun İcraiyyə Şurasının müəyyən etdiyi meyarlara tam cavab verir: Belə ki, birinci meyara uyğun olaraq bu  yüzillik yubileydir. İkinci meyara uyğun olaraq, ən köhnəsi eramızın VI əsrinə aid olan Orxon və Yenissey yazıları türk dilinin günümüzə qədər gəlib çatmış ən qədim yazılı abidəsidir. İlk dəfə danimarkalı dilçi alim V. Tomsen tərəfindən deşifrə edilən bu əsərlər  1894-cü ildə rus türkoloqu Radlov tərəfindən tam oxunmuş və bütün dünyada yaşayan türkdilli xalqların mədəni irsinin bir hissəsi hesab olunmaqdadır. Üçüncü meyara uyğun olaraq isə, bu abidələr Mərkəzi Asiya və Şərqi Avropada mövcud olmuş qədim türk mədəniyyətinin formalarını müəyyən etməyə imkan verən qiymətli tarixi, bioqrafik, hüquqi və dini məlumatı özündə daşımaqdadır.

Nəticə olaraq, 21-ci bənddə Baş direktorun 1994-cü ildə Orxon-Yenissey kitabələrinin deşifrə edilməsinin yüz illiyinin YUNESKO tərəfindən qeyd edilməsi təklifi əks edilmişdir.

Beləliklə, bu əlamətdar hadisə UNESCO tərəfindən qeyd edilən yubiley olaraq rəsmi qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə 1993-cü il noyabrın 25-də Orxon-Yenisey abidələrinin (runik yazısının) ilk oxunuşunun 100 ilinin tamam olması münasibətilə yubiley tədbirlərinin hazırlanması və keçirilməsi qərara alınmışdır.

İstinadlar:

https://unesdoc.unesco.org/ark:/48223/pf0000094624

https://e-qanun.az/framework/9831

http://www.anl.az/down/meqale/turkustan/2015/aprel/429359.htm

1996

Məhəmməd Füzuli – 500

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli 1494-cü ildə Kərbəlada anadan olmuşdur. Dünya klassikləri sırasında ensiklopedik biliyi, dəyərli bədii-fəlsəfi irsi ilə seçilən ölməz söz ustası Füzuli Azərbaycanın böyük şairi, alimi və filosofu olmaqla yanaşı, həm də bütün türkdilli xalqların və islam dünyasının mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş tarixi şəxsiyyətdir. Füzuli poeziyası ümumbəşəri mədəni sərvətlər xəzinəsinə əbədi daxil olmuşdur. Orta əsrlərin mürəkkəb prosesləri fonunda ədəbi Azərbaycan dilinin yaşamasında və bədii inkişafında Məhəmməd Füzuli ən böyük təsirlərdən birini göstərmişdir. Füzulinin şah əsəri sayılan “Leyli və Məcnun” poeması məhz Azərbaycan dilində qələmə alınmışdır.

Məhəmməd Füzulinin əsərləri unikal ədəbiyyat nümunələri olmaqla yanaşı, həm də dərin fəlsəfi düşüncələri, parlaq ideyaları ehtiva edir. Füzuli fəlsəfi fikir tarixinə aid geniş araşdırmalar apararaq həm Şərqin ona qədər yaratdıqlarından, həm də qədim yunan, roma, hind antik ədəbiyyatlarından bəhrələnmişdir. Şairin yaradıcılığında Şərqlə Qərbin fəlsəfi sintezi yüksək sənətkarlıq və bədii estetika ilə təsvir edilmişdir.

Xalqların keçdiyi inkişaf yolunu təhlil edən dahi şairin əsərlərində çox ali ümumbəşəri ideya və mülahizələr unikal formada ifadə edilmişdir. O, yaşadığı bölgədəki ictimai-siyasi prosesləri, insan cəmiyyətini, insan həyatını təhlil edir, insanlar və cəmiyyət üçün ölməz ideyalar söyləyir, əbədiyaşar məsləhətlər verirdi. Onun bütün əsərləri insan cəmiyyəti, insanların bir-biri ilə münasibəti, insanlardakı bütün müsbət zövqlər, insanlardakı mənfi halların xülasəsi olmuşdur.

Məhəmməd Füzulinin 500 illik yubileyinin əsaslı hazırlanması və dövlət səviyyəsində keçirilməsi şairin xatirəsinə dərin ehtiram və məhəbbətin ifadəsi olmaqla Azərbaycan xalqının qədim və yüksək mədəniyyətinin bütün dünyada təbliği və tərənnümünə xidmət edirdi.

Məhəmməd Füzulinin 500 illik yubileyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində – Parisdə, Ankarada, Moskvada, Bağdadda, Kərbəlada, Kərkükdə, Tehranda, Dərbənddə, Mahaçqalada, Tiflisdə, Alma-Atada, Daşkənddə keçirilib. Dahi şairin yubileyi TÜRKSOY təşkilatının VIII toplantısında və Türk dünyası yazarlarının üçüncü qurultayında da diqqət mərkəzində olmuşdur. Parisdə keçirilən tədbir isə YUNESKO-nun baş qərargahında baş tutmuş və Azərbaycan şairi Füzulinin yaradıcılığı bir daha ümumbəşəri mədəni irs kimi dünyanın mədəniyyət üzrə əsas qlobal təşkilatında  qeyd edilmişdir.

“Fuzuli, poet of divine love” –  tərcümədə “İlahi eşq şairi Füzuli”. 1995-ci ildə UNESCO-nun 30 dildə dövrü nəşri olan Kuryerin fevral buraxılışının Yubileylər rubrikasında yerləşdirilmiş məqalə məhz belə adlanırdı. Məqalə bütün dünyadan olan oxucular üçün Füzuli dühasına bir daha işıq salırdı. Qeyd edilirdi ki, bütün yaradıcılığı boyu dərin məhəbbətin şairi təqib etməsi, onun ilahiyyatdan tutmuş təbabətə, əxlaqdan astronomiyaya qədər ən müxəlif fəlsəfi mövzuları da qələmə almasına mane olmadı. Azərbaycan türkcəsində və farscada yazılmış bir sıra divanlarında yer alan 700-ə yaxın qəzəli və yüzə yaxın qəsidəsi, eləcə də günümüzə qədər gəlib çatmış ərəbcə onlarla qəsidələrinin hamısı tarixə misilsiz ilham mənbəyi kimi şahidlik edir. Ehtiraslı lirizm, kəskin yumor, rəngarəng obrazlar və dionistik impulslar kimi şairin əsərlərində  olan hissləri sanki onun apardığı tədqiqatlarına qarşı həssas kontrpunktlar idi. Bu hisslərin gücü Füzulini elə bir emosional oyanış və poetik dirçəliş yaratmağa təhrik etdi ki, 500 il sonra da bəşəriyyət ondan ruhlanmağa davam edir.

Kitabi Dədə Qorqud – 1300

“Kitabi-Dədə Qorqud” Oğuz tayfalarının dastanı və Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir.

Nəsrdə olan bir sıra hekayələrin  məcmusu və qədimdən qalan Oğuz epik nümunələrindən ibarət olan bu dastan tolerantlıq və humanizm kimi universal dəyərləri təbliğ edən Azərbaycanın ən əlamətdar ədəbi abidələrindən biridir. Əsər bir çox süjetlərdə iştirak edən əfsanəvi müdrik şəxsin adını daşıyır. Azərbaycan, Anadolu və Türk dünyasını əhatə edən şamanlıq dövrünə aid şair – sehrbazlara istinad edir. Bir çox dünya alimləri Kitabi-Dədə Qorqudun tarixi, ədəbi, linqvistik, etnoloji və folklor aspektlərinin təfsiri ilə məşğuldurlar.  Bu əsər  Oğuz tayfalarının, Türk dilli xalqların İslamdan əvvəl (beşinci və yeddinci əsrlər arasında) şah əsəri kimi səciyyələndirilir.

Xalqımız üçün dastanın böyük tarixi-mədəni əhəmiyyətini nəzərə alaraq 1998-ci ildə “Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi”  nominasiyası Azərbaycan Respublikası tərəfindən YUNESKO-nun Yubileylər Proqramına təqdim edilmişdir. 2000-ci ildə sözügedən yubiley silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edilmişdir. Həmin ildə, YUNESKO-nun baş direktoru demişdir: “Dədə Qorquda aid edilən və yazıya qoyulmadan 15-ci əsrə qədər şifahi ənənə kimi yaşadılan bu dastanlar aid  olduqları  türkdilli xalqların tarixi, coğrafi, siyasi, sosial, dil və ədəbi irsinin önəmli vektorlardır. Onların əksəriyyətinin artıq yazıya köçürüldüyünə baxmayaraq, bu dastanları yaşadanların da şifahi ənənələri gecikmədən əbədiləşdirilməlidir. Bu olduqca vacibdir”.

1999-cu ildə Azərbaycan Milli Bankı eposun 1300 illik yubileyi münasibətilə xüsusi qızıl və gümüş xatirə sikkələri zərb etmişdir. Qeyd edilməlidir ki, “Dədə Qorqud dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı mədəni element Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən 2018-ci ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına da daxil edilmişdir.

Əfsanəyə görə dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin isə Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.

Bu günədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Dastanın Drezden nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilərək Azərbaycan Elmlər Akademiyasına verilmiş və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur.

2001

Nəsirəddin Tusi – 800

Muhəmməd Nəsirəddin Tusi 1201-ci il fevralın 18-də anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyarın davamçılarının yanında mükəmməl təhsil görmüşdür. Dərin bilikləri sayəsində Nəsirəddin az bir vaxtda elm aləmində məşhurlaşmış, gənc ikən hökmdarların diqqətini cəlb etmişdir. Otuz yaşında Kuhistan hökmdarı Nəsirəddini öz sarayına dəvət etmiş və çox məşhur bir ərəb aliminin əxlaq haqqında yazdığı kitabı tərcümə etməsini istəmişdir. Gənc alim cavab vermişdir ki, belə bir kitabı o, özü yaza bilər. Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən, bir çox dillərə tərcümə olunmuş məşhur “Əxlaqi-Nasiri” əsərini 1235-ci ildə tamamlayaraq hökmdara təqdim edir. Lakin elm və həqiqət yolunun məşəqqətli olduğu bir daha sübuta yetir. Kitab hökmdarın xoşuna gəlmədiyindən o, Tusini “Ələmut” (qartal yuvası) qalasına göndərmişdir. Ağır məhbus həyatı keçirən alim sürgün şəraitində bir neçə elmi əsər yaradır, 1242-ci ildə məşhur “Şərhül-İşarat” (Əbu Əli İbn Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərhlər) əsərini tamamlayır. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaki xanın Yaxın Şərqə yürüşü zamanı onun qoşunları fətholunmaz sayılan “Ələmut” qalasını da tutur, Nəsirəddin Tusi və digər alimlər azad edilirlər.

Nəsrəddin Tusi Hülaki xanın elm və təhsil üzrə baş məsləhətçisi təyin olunur. Bağdad ələ keçirildikdən sonra Hülaki xan öz möhtəşəm dövlətinin paytaxtını Azərbaycanda qərarlaşdırır, qədim mədəniyyət mərkəzlərindən Marağanı, sonra isə Təbrizi öz dövlətinin paytaxtı seçir. Elə həmin vaxt Nəsirəddin Tusi Marağa rəsədxanasının tikintisinə başlayır. Rəsədxananın inşası 12 il müddətində başa çatır. Onun yaratdığı Marağa Astronomiya Rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və zəngin kitabxanaya malik böyük elmi mərkəzə çevrilmiş, bir çox məşhur riyaziyyatçı və astronom buraya dəvət edilmiş, Nəsirəddin Tusinin rəhbərliyi altında elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər yaratmışlar. Rəsədxanada müsəlmanlarla yanaşı xristian, buddist və digər məzhəb sahibləri, türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri birgə çalışırdılar.

Elm aləminin şahı Nəsirəddin Tusi astronomiya, fizika, tibb, tarix, mineralogiya, riyaziyyat, iqtisadiyyat, coğrafiya, musiqi və sair elm sahələrinə aid böyük irs qoymuşdur. 100-dən artıq əsərin müəllifi dahi ensiklopedist alimin əsərləri dünya xalqlarının bir çox dillərinə tərcümə olunaraq dəfələrlə çap edilmiş, neçə-neçə alimlər nəslinin yetişməsində müstəsna rol oynamışdır. Onun əsərlərinə Bakı, Paris, Berlin, Vyana, Kembric, Oksford, Leypsiq, Münxen, Floqensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan və sair şəhərlərin muzey və kitabxanalarında rast gəlmək olar.

Dahi Azərbaycan alimi Nəsirəddin Tusi 1274-ci il iyunun 25-də səfər zamanı Bağdadda vəfat etmiş və orada “Came Məscidində” dəfn edilmişdir. Qeyd edək ki, aliminin xatirəsi ölkəmizdə həmişə böyük ehtiram və iftixarla yad   olunur. 1981-ci ildə onun 780 illik yubileyi qeyd olunmuş, adı əbədiləşdirilmiş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmışdır.

Nəsirəddin Tusinin dünya elmi və mədəniyyəti tarixində mühüm yer tutduğunu, onun yubileyinin beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq dahi alim və mütəfəkkirin 800 illik yubileyinin layiqincə qeyd olunması məqsədi ilə Heydər Əliyevin təşəbbüsü ilə Nəsirəddin Tusinin 800 illik yubileyinin hazırlanması və keçirilməsi təşkil olunmuşdur. 2001-ci ildə alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə bütün dünyada böyük təntənə ilə qeyd olunmuşdur.

İstinad: https://azertag.az/xeber/Dahi_Azerbaycan_alimi_Nesireddin_Tusinin_anadan_olmasinin_810_ili_tamam_olur-512251

https://e-qanun.az/framework/766

2002

Mirzə Kazımbəy – 200

Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlunun adı XIX əsr mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır. 1802-ci il iyunun 22-də Cənubi Azərbaycanın Rəşt şəhərində dünyaya göz açıb. Peterburq universitetinin fəxri doktoru, professor. Peterburq EA-nın akademiki. Şərqşünas-alim. Elmə görə üç dəfə Demidov mükafatının laureatı. Mirzə Kazım bəy hələ uşaq olarkən, ailəsi Dərbəndə köçüb və 8 yaşından etibarən Dərbənddə yaşayıb. İlk təhsilini atasından alan Mirzə Kazım bəy 1821-ci ildə Həştərxana gedib. Öncə ərəb, fars, müxtəlif türk dillərini, sonralar rus, alman, ingilis və fransız dillərini öyrənib. Bu dillərin hamısında da yazmış və nəşr olunmuşdur. O, Həştərxanda şotland missionerlərindən ingilis dilini öyrənərək xristianlığı qəbul etmişdir. 1826-49-cu illərdə Kazan Universitetində şərq dillərindən dərs demişdir. 1949-cu ildən ömrünün sonuna qədər Peterburq Universitetinin professoru olmuşdur. Rus şərqşünaslığının banilərindən biridir. O, burada şərq dilləri fakültəsi yaradaraq onun ilk dekanı olmuşdur. Akademik V. Bartold yazırdı ki, “Senkovskiy və Kazım bəy özlərinin mühazirələrilə rus şərqşünaslığını yaratdılar. Bütün sonrakı rus oriyentalistləri bu iki alimin tələbələri və ya tələbələrinin tələbəsi olmuşlar”. Kazım bəy “Peterburq Universitetinin “Əməkdar professoru”, İngiltərə, Fransa, Hollandiya, ABŞ və dünyanın bir sıra başqa ölkələrinin şərqşünaslıq cəmiyyətlərinin üzvü olmuşdur. O, altı dildə yazırdı. “Müxtəsərül vikayət və ya qısa vikayət Müsəlman şəriəti kursu”, “İslam tarixi” “Müridizm və Şamil”, “Bab və babilər”, “Dərbəndnamə”, “Türk-tatar dillərinin ümumi qrammatikası” və onlarla başqa əsərlərin müəllifi olmuşdur. Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Rus imperiyasının bir çox ordenləri ilə təltif olunmuşdur. Mirzə Kazım bəy 1870-ci ildə Peterburqda vəfat etmişdir.

Reference: http://strategiya.az/chap.php?id=7183\

http://anl.az/down/meqale/525/525_may2009/77275.htm

2005

Yusif Məmmədəliyev – 100

14 sentyabr 2005-ci il tarixində YUNESKO-nun Parisdə yerləşən baş qərargahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və YUNESKO baş direktorunun xanımı Takaka Matsuuranın iştirakı ilə keçirilən mərasim xüsusi sərginin açılışı ilə başlamışdır.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu foto həvəskarı olan alimin vaxtilə çəkdiyi fotoşəkillərdən ibarət sərgi barədə qonaqlara məlumat vermişdir. Nümayiş olunan fotolar dünya şöhrətli alimin maraq dairəsinin genişliyini, eyni zamanda vətəninə, xalqına bağlılığını əks etdirirdi.

Yubiley mərasimi Y. Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” sənədli filminin nümayişi ilə başlamışdır. YUNESKO-nun baş direktoru adından onun müavini Valter Erdelen, habelə Fransa Kimya Cəmiyyətinin prezidenti Arman Latt və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov mərasimdə çıxış etmişdilər. Natiqlər akademik Yusif Məmmədəliyevin 100 illiyinin YUNESKO-nun iqamətgahında keçirilməsinin bu qurum üçün böyük şərəf olduğunu vurğulayıb, alimin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, onun 200-dən artıq elmi məqalənin və 6 monoqrafiyanın müəllifi olduğunu, alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyasının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rol oynadığını, Sumqayıtda kimya müəssisələrinin yaradılmasında xüsusi əmək sərf etdiyini, ölkəsini beynəlxalq elmi məclislərdə layiqincə təmsil etdiyini vurğulamışlar. Azərbaycanda Şamaxı astrofizika rəsədxanasının, habelə, beş yeni elmi tədqiqat institutunun fəaliyyətə başlamasının məhz Yusif Məmmədəliyevin adı ilə bağlı olduğu qeyd edilmişdir.

Tədbirdə çıxış edən xoşməramlı səfir Mehriban Əliyeva Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyevin 100 illiyinin təşkilində əməyi olan hər bir insana, xüsusilə YUNESKO-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir. “Mən çox şadam ki, bu gün yubiley mərasimləri həm Azərbaycanda, həm də Fransanın paytaxtı Parisdə keçirilir.

Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-nun təqviminə salınması onun elmi fəaliyyətinə verilən yüksək qiymətdir. Bu insan həm şəxsiyyəti, həm də elmin və təhsilin inkişafı sahəsində gördüyü işləri ilə tarixdə və insanların qəlbində yaşayır. Biz indi deyə bilərik ki, görkəmli Azərbaycan alimi YUNESKO-nun ideyalarına xidmət edib”.

Y.Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat yaşayıb. İlk növbədə, bu, istedadlı alimin tədqiqatçı həyatıdır. O, Azərbaycanda üzvi kimya məktəbinin əsasını qoyub. Onun adı neft elmi və neftə aid olan elmi sahələrlə sıx bağlıdır. Ölkəmizin ən böyük sərvətlərindən olan neft, sanki bu insana öz sirlərini açmağa qərar vermiş, onun tükənməz enerji mənbəyinə çevrilmişdir. Biz Yusif Məmmədəliyevin hər hansı tədqiqatına nəzər salsaq, orada belə bir sözə rast gələrik: ilk dəfə. Ona görə də təsadüfi deyil ki, bütün dünya Y. Məmmədəliyevi sanballı tədqiqatçı və novator kimi tanıyır.

Yusif Məmmədəliyevin ixtiraları faşizm üzərində qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Yusif Məmmədəliyev həm də böyük bir maarifçi həyatı yaşayıb. Demək olar ki, görkəmli alim müəllimlik istedadına da malik idi. O, ilk dəfə dərs demək üçün sinfə daxil olanda cəmi 16 yaşı var idi. Azərbaycan Dövlət Universitetinin dosenti kafedra müdiri, professor və nəhayət rektoru olarkən belə o, öyrənmək və öyrətməkdən çox böyük zövq alan bır insan idi. Alimin qoyub getdiyi irs təkcə onun kitablarında və elmi ixtiralarında yox, həm də bir çox gənclərin taleyindədir. YUNESKO-nun yarandığı 1945-ci ildə Y. Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının banilərindən biri kimi, onu təsis edib. Qısa bir müddətdən sonra akademiyanın prezidenti seçilmiş və müasir tələblərə cavab verən elm ocağı yaradıb.

Tədbirin sonunda Azərbaycan İncəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.

2007

Lətif Kərimov – 100

2007-ci ilin 12-16 fevral tarixlərində Parisdə, YUNESKO-nun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumun təntənəli açılış mərasimində təşkilatın incəsənət, sənətkarlıq və dizayn bölməsinin müdiri İndirasen Ventqataçelum çıxış etmiş, YUNESKO-nun Azərbaycan mədəniyyəti, incəsənəti, elmi, ədəbiyyatı və xalçası ilə bağlı iki ildən bir maraqlı tədbir keçirir. Azərbaycan xalça mədəniyyətinin parlaq səhifələri yalnız Azərbaycan xalqına deyil, həm də dünya mədəniyyətinə məxsusdur. Simpoziumda azərbaycanlı alimlərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş sənətşünaslar iştirak edirlər. Hazırda dünyanın 1300 muzeyində Azərbaycan xalçaları nümayiş etdirilir. Bu, Azərbaycan xalçasının qədim tarixə malik olmasından və ona böyük maraq göstərilməsindən xəbər verir.

Sonra Azərbaycanın mədəniyyət və turizm naziri çıxış edərək demişdir ki, YUNESKO hələ 1983-cü ildə Azərbaycan xalçasına həsr olunmuş “Şərq xalçaçılıq sənəti” mövzusunda birinci beynəlxalq simpozium keçirmişdir. 1988-ci ildəki ikinci simpozium Azərbaycan xalça sənətinin inkişafı məsələlərinə həsr edilmişdir. Üçüncü simpozium 2003-cü ildə olmuşdur. Lətif Kərimovun 100 illiyinə həsr olunmuş IV Beynəlxalq simpozium YUNESKO kimi mötəbər təşkilatın binasında keçirilir və bu, bizim üçün böyük şərəfdir.

Nazir Mehriban xanım Əliyevanın simpozium iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Mərasimdə Azərbaycanın xalçaçılıq məktəbləri, bu sənətin inkişafında Lətif Kərimovun xidmətləri barədə ətraflı məlumat vermişdir.

Simpoziumda Azərbaycandan akademiklər Teymur Bünyadov “Lətif Kərimov dühası”, Rasim Əfəndiyev “Azərbaycan xalçaçılığında Qazax xalça məktəbi”, sənətşünaslıq namizədi Lalə Kazımova “Azərbaycan xalçası və muğam (ornamentallığa dair)”, sənətşünaslıq doktoru Röya Tağıyeva “Azərbaycan xalçası xalqın etnomədəni tarixi kontekstində”, Riçard Rayt (ABŞ) “Son 40 il ərzində Amerika və Avropadakı Azərbaycan xalçalarına həsr olunmuş tədqiqat işləri haqqında”, Vendel R.Svan (ABŞ) “Qədim Azərbaycan şahsevən xovlu xalça toxuculuğunun xüsusiyyətləri”, Robert Çensner (Böyük Britaniya) “Nəhəng “Lenin” xalçasının mənşəyi – “Şahnamə”, xalq dastanları və ikonostas”, Alberto Boralevi (İtaliya) “Azərbaycan sumaxları”, Yelena Saryova (Rusiya) “Üç qədim motivin XIX əsrin Azərbaycan xovsuz xalçalarında ikonoqrafiya və inteqrasiyası”, İvan Szanto (Macarıstan) “Heris: onun Azərbaycan xalçaçılıq tarixində yeri”, Bəkir Dəniz (Türkiyə) “Anadolu xalçaları ilə Azərbaycan xalçalarının bənzər özəllikləri”, İnna Naroditskaya (ABŞ) “Azərbaycanın muğam və xalçası”, Kərim Mirzəyi (İran) “Azərbaycan xalçası: Dərbənddən Sərbəndə qədər şahsevənlərin xalça nümunələrində” və Herbert Eksner (Almaniya) “Azərbaycan xovsuz xalça məmulatları – naxışları və artribusiya” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzəçilər mahir xalça ustası Lətif Kərimovla bağlı xatirələrini söyləmiş, Azərbaycan xalçaçılıq sənətinin inkişafında onun rolundan danışmışlar.

Simpozium çərçivəsində Lətif Kərimovla bağlı sənədli film də nümayiş etdirilmişdir.

Tədbir çərçivəsində Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalçası” sərgisi açılmışdır. Sərgidə ustadın müxtəlif illərdə toxuduğu xalça nümunələri nümayiş etdirilir.

Maraqlıdır ki, YUNESKO-da Lətif Kərimovun sənəti ilə 24 il əvvəl əyani tanış olmuşlar. Həmin il YUNESKO-da keçirilmiş Azərbaycan ongünlüyündə quruma Lətif Kərimovun xalçası hədiyyə edilmiş və bu xalça indiyədək təşkilatda qiymətli hədiyyə kimi qorunub saxlanılır.

Simpozium və sərgidə Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova, senatorlar, Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, səfirliyimizin və nümayəndəliyimizin əməkdaşları, tələbələrimiz iştirak etmişlər.

Lətif Kərimov Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada anadan olmuşdur.  1929-cu ildə Bakıya qayıdan Lətif Kərimov 1930-cu ildən “Azərxalça” İstehsalat Birliyinin bədii-texniki rəhbəri olmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında və rəhbərliyi ilə “Əfşan” (1931, 1957), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952, 1982), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1967, 1977), “Ağaclı” (1974) “Şəbi-hicran” (1975), “Heyvanlar aləmində” (1976), “Zərxara” (1977), “Xətai” (1981), “Əsrlərin nəğməsi” (1985), “Əcəmi” (1985), “Mehrabi Əcəmi” (1987) ornamental xalçaları, “Firdovsi” (1934), Nizami “Xəmsə”sinin motivləri əsasında toxunmuş 5 məşhur xalça (1940-41), “S.Vurğun” (1956), “Avtoportret” (1956), “N.Nərimanov” (1959), “M.P.Vaqif” (1967), “M.Füzuli” (1972), “İ.Nəsimi” (1974), “S.Urməvi” (1975), “M.Əcəmi” (1976) və başqa süjetli xalçalar toxunmuşdur. Sənətkar həmçinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunun portalları, tağları və interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi olmuşdur.

L.Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyə paralel olaraq inkişaf etdirilib. Görkəmli xalçaçı rəssam və xalçaşünas alim dekorativ-tətbiqi sənətimizin ən qədim növlərindən biri olan xalça sənətinin tarixini mükəmməl səviyyədə bilirdi. O, Şərq mədəniyyətinin, İslam sənətinin ən incə mətləblərindən xəbərdar idi, Şərq ornament sənətinin simvolikasını, fəlsəfəsini elmi əsaslarla tədqiq edib, araşdırıb, fundamental elmi əhəmiyyətə malik monoqrafiyalar nəşr etdirmişdi. Onun üçcildlik “Azərbaycan xalçası” adlı kitabları, xüsusən də birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmış və sənət biliciləri arasında yüksək rəğbət qazanmışdı. Avropa, Amerika, Şərq ölkələrindən  məşhur xalçaşünas alimlər və ekspertlər ona çoxsaylı məktublar göndərərək kitab haqqında qiymətli fikirlərini bildirmişdilər.

L.Kərimovun xalq sənətimizdən qaynaqlanan dərin bilik və bədii zəkası nəticəsində toxunmuş xalçalar özünün kompozisiya quruluşu, rəng həlli, bədii-estetik əhəmiyyəti və texniki işlənilmə xüsusiyyətlərinə görə XX əsr Azərbaycan incəsənətinin qiymətli xəzinəsi hesab olunur.

L.Kərimov 1950-ci ildə xalça sənətimizlə bağlı apardığı fundamental elmi tədqiqat və araşdırmalarına görə sənətşünaslıq namizədi elmi dərəcəsi almışdır. Əhatəli elmi və bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar SSRİ Dövlət mükafatı (1950), respublikanın Əməkdar incəsənət xadimi (1955), Xalq rəssamı (1960), “Xalqlar Dostluğu” ordeni (1986) kimi yüksək mükafat və təltiflərə layiq görülmüşdü. Müstəqillik illərində Prezident İlham Əliyevin sərəncamı (27.10.2006) ilə xalçaçı rəssam və sənətşünas alimin 100 illik yubileyi qeyd olunmuşdur.

2006-cı ilin noyabr ayında Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 100 illiyi tamam olması münasibətilə tədbirin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev  qərar qəbul etmişdir.

2008

Mir Cəlal Paşayev – 100

XX əsr Azərbaycan ədəbiyyatında, elmində böyük xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyi 2008-ci ildə Azərbaycanda və ölkəmizdən kənarda bir sıra silsilə tədbirlərlə qeyd edilmişdir.

UNESCO-nun 2008-2009-cu illərdə dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, qeyd olunması benəlxalq miqyasda da ən yüksək səviyyədə keçirilməsinə əsas olmuşdur.

Bu qərar eyni zamanda Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürü idi.

Təntənəli yubiley mərasimində iştirak üçün UNESKO-nun Parisdə yerləşən iqamətgahına gələn Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı qurumun baş direktoru Koişiro Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarşılamışlar.

Mərasimin fəxri qonaqları əvvəlcə yubiley münasibətilə açılan və Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sərginin ekspozisiyası ilə tanış olmuşlar. Azərbaycanın görkəmli yazıçısı və aliminin müxtəlif illərdə çəkilmiş fotolarında onun zəngin həyat və fəaliyyətinin ən maraqlı məqamları əks olunmuşdur. Bu fotolarda görkəmli yazıçının dövrünün görkəmli ziyalıları ilə görüşlərini yaşadan məqamlar, ailə üzvləri ilə şirin xatirələri əks edilmişdir. Sərginin kitab ekspozisiyasında isə yazıçının həm Azərbaycanda, həm də xaricdə nəşr edilmiş əsərləri təqdim olunmuşdur.

Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünya baxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsinin xüsusi mənası və özəlliyi var.

Yubiley mərasimini açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura demişdir ki, Azərbaycan xalqının böyük alimi və yazıçısı Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi qurumun ənənələrinə uyğundur. Çünki YUNESKO ilə Azərbaycan arasında güclü əməkdaşlıq var və bu münasibətlər müxtəlif sahələri əhatə edir. Bu əməkdaşlığın qurulması və inkişafında Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Baş direktor bildirmişdir ki, Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO-da qeyd edilməsi də qurumla Azərbaycan arasındakı uğurlu əməkdaşlığın nümunəsidir.

İstinad: https://azertag.az/xeber/GORKAMLI_YAZICHI_VA_ALIM_MIR_CALAL_PASAYEVIN_100_ILLIK_YUBILEYI_QEYD_OLUNMUSDUR-406713

https://www.elibrary.az/docs/qazet/qzt2008_1624q.htm

2008

Şərqin ilk operası, “Leyli və Məcnun” – 100

“Leyli və Məcnun” — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operasıdır. Opera, Məhəmməd Füzuli tərəfindən XIV əsrdə yazılmış “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.

“Leyli və Məcnun” operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır.

Operanın ilk səhnələşdirilməsi 12 yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.

Yanvarın 25-də Üzeyir Hacıbəyovun ev-muzeyində mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasının 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva artıq 100 ildir ki, opera teatrının səhnəsindən düşməyən “Leyli və Məcnun” operasının bu gün də aktuallığını itirmədiyini bildirmişdir. O qeyd etmişdir ki, neçə-neçə Leylilərin, Məcnunların yetişməsində, Azərbaycan ifaçılıq sənətinin inkişafinda böyük rol oynayan tamaşa Şərqin iki böyük dahisinin xalqımıza əvəzsiz töhfəsidir. Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov ruhunun pak, bulaq suyu kimi axıcı, büllur təmizliyi və nuru qəlbimizə, zövqümüzə dirilik verir. Tamaşanın hər qoyuluşunda bir canlanma, bir təlatüm, bir həyəcan yaşanır.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Ü.Hacıbəyov yaradıcılığının bir məktəb olması ilə yanaşı, “Leyli və Məcnun” tamaşasının da neçə-neçə opera rejissorları, dirijorları, səhnə tərtibatçıları, opera aktyorları yetişdirən sənət meydanı olduğunu vurğulamışdır.

Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev 100 il bundan sonra da “Leyli və Məcnun”u oynayan sənətkarların bu tükənməz qaynaqdan bəhrələnəcəyini bildirmişdir.

Konfransda çıxış edən ABŞ-dan gəlmiş bəstəkar, dirijor Con Heyns Ü.Hacıbəyov sənəti, onu yetirən xalqın böyüklüyü qarşısında baş əydiyini bildirmişdir. O qeyd etmişdir ki, mən ilk dəfə 5 il əvvəl Azərbaycanda olmuşam. Sənət adamlarının, muzey əməkdaşlarının təqdim etdikləri əsərlər əsasında “Azərbaycanın məhəbbət rəqsi” simfonik əsərimi yazmışam və bunu dahi Ü.Hacıbəyova həsr etmişəm. Qonaq Azərbaycan hökumətinin mədəniyyətə xüsusi qayğı göstərdiyini xüsusi vurğulamış və bildirmişdir ki, ev-muzeyin belə gözəl təmir olunması, şəhərinizdəki yeniliklər də buna parlaq misaldır.

Konfrans iştirakçıları Üzeyir Hacıbəyovun böyük ustalıqla, sonsuz sevgi və istəklə yaratdığı opera haqqında böyük qürur və həyəcan hissi ilə danışmışlar. “Leyli və Məcnun” operasında 100 dəfədən çox Məcnun obrazını yaradan xalq artisti Canəli Əkbərov və 72 dəfə Leyli rolunu oynayan xalq artisti Qəndab Quliyevanın çıxışları da rəğbətlə qarşılanmışdır. Sonda qonaqlar “Leyli və Məcnun” tamaşasının 100 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgiyə tamaşa etmişlər.

24 iyun 2008-ci il tarixində Şərqin ilk operasının – dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərinin 100 illik yubileyi münasibətilə YUNESKO-nun baş qərargahında tamaşa təşkil edilmişdir.

Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyorları – Leyli və Məcnun obrazlarını ifa edən xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, həmçinin, Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət simli alətlər kvarteti, digər musiqiçilər və kollektivlər iştirak etmişdir.

“Ley­li və Məc­nun” ope­ra­sı­nın ilk di­ri­jo­ru bö­yük ya­zı­çı və dra­ma­turq Əb­dür­rə­him bəy Haq­ver­di­yev ol­muş­dur. Son­ra­kı ta­ma­şala­ra isə Üze­yir bəy özü di­ri­jor­luq et­miş­dir. İlk mil­li ope­ra­mı­zın rəs­sa­mı isə Əli bəy Hü­seyn­za­də hesab olunur. İlk quruluşda məc­nun ob­ra­zı gələcəyin şöh­rət­li mü­ğən­ni­si, akt­yo­ru, xanəndəsi, re­jis­so­ru, mu­si­qi­-ic­ti­ma­i xa­di­mi Hü­seyn­qu­lu Sa­rabs­ki­ tərəfindən ifa edilmişdir. Leyli rolunu görkəmli aktyor və tarzən Əhməd Ağdamski, canlandırdı. Birinci tamaşada Cey­hun bəy Ha­cı­bə­yov İbn Sə­lam və No­fəl rol­la­rı­nı oy­na­mış­dır. Üze­yir bə­yin bö­yük qardaşı Zül­fü­qar bəy Ha­cı­bə­yov isə son­ra­kı ta­ma­şa­lar­da Əbül­qeys və Zeyd ob­raz­la­rı­nı ifa et­miş­dir.

 

2009

Akademik Musa Əliyev – 100

Geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Musa Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan böyük şəxsiyyətlərimizdən biridir.1908-ci il aprelin 11-də Şamaxıda tanınmış bir ailədə dünyaya göz açan Musa Mirzə oğlu Əliyev illərinin bir qismini Orta Asiyada – Aşqabadda keçirmiş, hətta orta məktəbi də Aşqabadda fərqlənmə ilə bitirmişdir. Elmin zirvəsinə qədər ucalan akademik Musa Əliyevin yaradıcılığı – neft sənayesinin inkişafındakı, elmi təşkilatçılıq sahəsindəki müstəsna xidmətləri araşdırma mövzusu olaraq indi tədqiq edilir, məktəb olaraq öyrənilir. Akademik İsmayıl İbrahimov yazır ki, Musa Əliyev milli elmimizdə bu gün də qabaqcıl yer tutan Azərbaycan Milli Geologiya elminin və ali təhsil məktəbinin özülünü qoyanlardan biri olmuş, unudulmaz, ən görkəmli alimlərimiz, xalqımızın görkəmli şəxsiyyətləri Qambay Əlizadə, Məmməd bəy Əliyev, Aslan bəy Vəzirzadə, Şamil Əzizbəyov, Əşrəf Əlizadə, Mirəli Qaşqay, Əhəd Yaqubov, Şəfayət Mehdiyev, Əzəl Sultanov, Ədhəm Şıxəlibəyli ilə birlikdə indiki zəmanəmizdə onların tələbələrinin yüksək səviyyədə davam etdirdiyi dünyada məşhur Azərbaycan milli geologiya elmi məktəbini yaratmışdır. YUNESKO-nun Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına uyğun olaraq, Azərbaycanla bağlı yubileylərin keçirilməsi haqqında qərar qəbul etmişdir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən məşhur geoloq alim, akademik Musa Əliyevin də 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcəkdir.

Akademik Musa Əliyev görkəmli ictimai və dövlət xadimi, bacarıqlı elm təşkilatçısı, məşhur neftçi-geoloq, dünya miqyaslı alim-stratiqraf idi. O, Qafqazın geologiyasının öyrənilməsində tanınmış alim, Tabaşir dövrünün stratiqrafiyası və paleontologiyasının araşdırılmasında öz dəst-xəttini qoymuş, böyük elmi məktəb yaratmış geoloq idi. Tabaşirin sistematikası və stratiqrafik cəhətdən yayılmasına, habelə paleontologiya, biostratiqrafiya və paleocoğrafiya məsələlərinə həsr olunmuş əsərləri alimi dünya geologiya elmində məşhur etmişdir.

Akademiyanın prezidenti işlədiyi müddətdə Musa Mirzə oğlunun baş redaktorluğu altında 7 cildlik “Azərbaycanın geologiyası” monumental əsər çap olunmuşdur. Elmin müxtəlif sahələrində fərqlənən kadrları sərraf gözü ilə seçərək Moskvaya, Sankt-Peterburqda və keçmiş ittifaqın digər nüfuzlu elmi mərkəzlərinə göndərən Musa Əliyev onların gələcək inkişafını da nəzərdən qaçırmırdı. Hazırda elmimizin korifeyləri hesab edilən akademiklərdən Budaq Budaqov, Asəf Nadirov, Cəmil Quliyev, Musa Musayev, haqq dünyasına qovuşmuş Əliəşrəf Məmmədov, Səttar Əsədov, AMEA-nın müxbir üzvü Niyazi Səmədov və bir çox başqalarının sonralar görkəmli alim kimi formalaşmalarında, heç şübhəsiz, Musa Əliyevin böyük xidməti olmuşdur.

Akademik Musa Əliyevin elmi fəaliyyəti nəticəsində planetimizin keçmiş həyatı haqqında çox dəyərli məlumatlar əldə olunduğu, Kiçik Qafqazın şimal-şərq yamacının çay hövzələrində şlixyuma – axtarış işləri apararaq, bu çaylarda səpinti qızıl toplantılarını aşkar etdiyi bildirilmiş, həyatının Moskva və Əlcəzair mərhələsi barədə söz açılmışfdır. Məlumat verilmişdir ki, Musa Əliyev Əlcəzairdə neft-qaz yataqlarının axtarışı və proqnozlaşdırılması ilə bağlı SONATRAK Dövlət Birliyi ilə bağlanılmış iri müqaviləyə rəhbərlik etmişdir. Bir qədər sonra Əlcəzair Atlaslarında – Mərkəzi Atlas, Şərqi Atlas, Cənubi Tel və Qərbi Tel coğrafi zonalarında eyniadlı 4 neft-qazlı hövzənin aşkar edilməsi Musa Əliyevin verdiyi proqnozun elmi cəhətdən nə qədər əsaslandırılmış olduğunu göstərmişdir.

Vurğulanmışdır ki, akademik böyük elmi məktəb yaratmış, onun rəhbərliyi altında 50-ə yaxın elmlər doktoru və namizədi hazırlanmışdır. Akademik M.Əliyev 250 elmi əsərin, o cümlədən 20-ə yaxın monoqrafiyanın müəllifidir. Alimin bilavasitə iştirakı və redaktorluğu ilə müxtəlif miqyaslı xəritələr, o cümlədən Azərbaycanın geoloji xəritəsi çap olunmuşdur.

Akademiklər Budaq Budaqov, Xoşbəxt Yusifzadə alim haqqında xatirələrini danışmışlar. Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev Əliyevlər ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmiş, “Akademik Musa Əliyev adına kabinet”ə kompyuter dəsti bağışlamışdır.

İstinad: http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_noyabr2009/94891.htm

https://azertag.az/xeber/BAKI_DOVLAT_UNIVERSITETINDA_AKADEMIK_MUSA_ALIYEVIN_100_ILLIYINA_HASR_OLUNMUS_ELMI_KONFRANS_KECHIRILMISDIR-409760

2009

Səttar Bəhlulzadə – 100

Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həkk edilib. Səttar Bəhlulzadə müxtəlif rənglərin yeni çalarlarını aşkar edərək onların ahəngindən gözəl lövhələr yaradılıb. Rəssamın rəng palitrasının orijinal səhnələri, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən üslublu əsərləri milli təsviri sənətin ən qiymətli inciləri hesab edilir.

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, 1927-1931-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxumuşdur. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlamışdır. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçün isə təhsilini davam etdirməyi məsləhət görmüşdür. Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir.

Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas movzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir etmişdir. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, vətən torpağına məhəbbət hissi aşılayır.

Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir. Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər.

Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş” (1967), “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” (1970) mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır. Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaratmışdır. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm etmişdir. “Doğma düzənliklər” (1957), “Gölməçələrdə ördəklər” (1955) şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı” (1955), “Cıdır düzü” (1957), “Dumanlı dağlar” (1957), “Yaşıl xalça” (1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırmışdır.

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə bir çox dəyərli sənətkarın, o cümlədən Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.

İstinad: http://anl.az/down/sbehlulzade.pdf

http://anl.az/down/sbehlulzade.pdf

 

2013

“Arşın Mal Alan” musiqili komediyası – 100

Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi YUNESKO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan Milli Operasının banisi Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə YUNESKO çərçivəsində ildönümlərinin qeyd ediləcəyi siyahıya əlavə edilmişdir.

Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd etmək istərdik ki, YUNESKO təşkilatına üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.

Şərqdə operanın banisi sayılan Üzeyir Hacıbəyli Azərbaycan musiqisində əsaslı, fundamental dönüş yaratmış dahi bəstəkar kimi daim dünya xalqlarının diqqət mərkəzində olub. Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmiş, musiqi tariximizə dəyərli töhfələr vermiş Üzeyir Hacıbəylinin 1908-ci ildə H.Z.Tağıyev teatrında oynanılan “Leyli və Məcnun” operası Azərbaycanda, eləcə də Şərqdə opera sənətinin təməlini qoyub. Sonralar Üzeyir bəy “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Arşın mal alan” və “Koroğlu” operalarını bəstələyib.

Çoxşaxəli yaradıcılığa malik olan Üzeyir Hacıbəyli, eyni zamanda, musiqili komediya janrının da banisi sayılır və əsərləri Azərbaycan kinosunun ən uzunömürlü filmlərinin ekranlaşmasını şərtləndirib. Ötən əsrin əvvəllərində iki dəfə Azərbaycanda, bir dəfə isə Amerikada ekranlaşdırılan “Arşın mal alan” əsərinə milli kinematoqrafçılarımızın 1945 və 1965-ci illərdə yenidən müraciət etmələri heç də təsadüfi deyildi.

Dahi bəstəkarın hələ keçmiş sovetlər dövründə Avropa və Asiyanın 136 ölkəsində nümayiş olunan, 75 dilə tərcümə edilən  yüz yaşlı “Arşın mal alan” operettasının bu günlərdə Amerikanın Los-Anceles kimi nəhəng mədəniyyət mərkəzinin səhnəsində amerikalılar tərəfindən səsləndirilməsi Azərbaycan misiqisinin və Üzeyir Hacıbəyli yaradıcılığının dünyanın növbəti dəfə fəthi kimi dəyərləndirilir. “Arşın mal alan” operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi, əlbəttə, Azərbaycan-Amerika mədəni əlaqələrinin ali göstəricisi və əsərin 100 illik yubileyinə layiqli töhfədir.

Belə bir möhtəşəm tədbirin reallaşması ölkə rəhbərliyinin respublikamızın beynəlxalq aləmdə təbliği, Azərbaycan həqiqətlərinin daha geniş ictimai auditoriyaya çıxarılması istiqamətində fəaliyyətidir. Bu, dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsi olmaqla yanaşı, Heydər Əliyev Fondunun xalqımızın zəngin mədəni irsinin təbliğində  həyata keçirdiyi layihələrdən biridir.

Klassik musiqimizin korifeyi sayılan Üzeyir bəy Hacıbəylinin adıçəkilən, yüz ildir ki, dünyanı dolaşan operettası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, respublikamızın Los-Ancelesdəki baş konsulluğunun, eləcə də Dövlət Neft Şirkətinin birgə layihəsi əsasında Amerika səhnəsində də alqışlarla qarşılandı. UNESCO hələ 2011-ci ildə “Arşın mal alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub. Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyətini və “Arşın mal alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.

Ü.Hacıbəylinin qələmə aldığı əsərlərin təhlili, yaradıclığını əks etdirən məqalələr yazıldı, şəxsiyyətini göstərən sənədli filmlər çəkildi. Bütün bunlardan fərqli olaraq bəstəkarın haqqında çəkilən “Üzeyir ömrü” filmi bir başqa ruh  üzərində kökləndi. Filmin ssenari və rejissor işi Anara aiddir. Film bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəylidə görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Hətta bəstəkarın ayrı-ayrı əsərləri, eyni zamanda “Leyli və Məcnun”u, “Arşın Mal Alan”ı və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapıb.

2013

Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi

İyulun 2-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransı işə başlamışdır. Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. O, zəngin, üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir. Vurğulanmışdır ki, məhz həmin məktəb bu gün müxtəlif peşə sahələrinin insanlarını Azərbaycana gətirərək, mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

Seyid Yəhya Bakuvi təkcə Azərbaycan xalqına məxsus deyil, o dünyəvi bir alim, mütəfəkkir-filosofdur. Belə dahilərin yaratdıqları heç bir zamana sığmır, onların yaradıcılığı hər zaman öz aktuallığı ilə diqqəti cəlb edir. Onun zəngin təsəvvüfi-fəlsəfi və ədəbi əsərlərinin də əsasını sülhə, düzlüyə, dostluğa çağırış təşkil edirdi. Müasir zamanla onun yaradıcılıq axtarışlarını müqayisə etsək görərik ki, UNESCO-nun da əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq vasitəsilə davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Azərbaycan bu mənada bir nümunə kimi göstərilə və qəbul oluna bilər.

Konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransa Elmi Araşdırmalar Mərkəzinin araşdırmalar üzrə direktoru Tieri Zarkon və akademik Vasim Məmmədəliyev çıxış edərək konfransın işinə uğurlar arzulamışlar.

Bildirilmişdir ki, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq bu sahədə təşəbbüslərin çox böyük əksəriyyətinin artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən irəli sürüldüyünü görərik.

Bakıda təşkil edilmiş konfransın tarixi əhəmiyyət daşıdığını söyləyən natiqlər diqqətə çatdırılmışlar ki, Seyid Yəhya Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan əvvəl yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur. O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir.

2013

Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi

UNESCO-nun 29 oktyabr 2012-ci ildə keçirilən Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasına dair qərarın qəbul olunmasının bəyan edilməsi isə bütün dünya azərbaycanlıları üçün tarixi hadisəyə çevrilmişdir.

2013-cü il mayın 16-da Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında görkəmli Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 iliyinə həsr olunan təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO yanında ölkəmizin müvəqqəti işlər vəkili Anar Kərimov, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Məhsəti Gəncəvinin şəxsiyyətinin və istedadının miqyasından söz açaraq bildirib ki, dünya korifeyləri Dante, Rable, Füzuli, Şekspir, Servantes, Volter və Tolstoy kimi, Məhsəti Gəncəvi də yalnız öz ölkəsinə deyil, bütün bəşəriyyətə məxsusdur. Məhsəti Gəncəvi Azərbaycanın gözəl guşəsində, o dövrdə bütün Şərqin böyük mədəniyyət mərkəzi hesab olunan Gəncədə doğulub, orada yaşayıb-yaradıb.

Baş nazirin müavini daha sonra deyib: “Bu gün bütün dünyada gender problemi ən ciddi problemlərdən biri hesab olunur. Amma Məhsəti Gəncəvi hələ doqquz əsr bundan əvvəl gender ideyalarını təbliğ etməklə yanaşı, bu ideyaları öz yaradıcılığında əməli şəkildə tətbiq edirdi. Doğma xalqı bu böyük şairəni unutmayıb və heç vaxt unutmayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərəncamı bir tərəfdən Azərbaycanda Məhsətinin irsinə, Məhsətinin şəxsiyyətinə verilən qiymətdirsə, digər tərəfdən ölkəmizdə mədəniyyət və sənətə göstərilən diqqətdən xəbər verir.

UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang çıxışında Azərbaycanın dünya mədəniyyətinin inkişafında xüsusi rola malik olduğunu, həmin irsin zənginləşməsinə bu gün də töhfələr verdiyini qeyd edib. Məhsətinin dünya ədəbiyyatının nadir simalarından olduğunu vurğulayan natiqin sözlərinə görə, Məhsəti Gəncəvi feminist ideyaları ədəbiyyatda bütün parlaqlığı ilə əks etdirən qüdrətli sənətkardır.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı Rafael Hüseynovun çıxışı da maraqla qarşılanıb: “XII əsrdən indiyədək həm Şərqdə, həm Qərbdə onlarla, yüzlərlə şöhrətli, qüdrətli xanımlar olub. Amma Məhsəti məhz yaratdığı irsin, tərənnüm etdiyi duyğuların və parlaq şəxsiyyətinin sayəsində bu günədək ən böyük xanım olaraq qalır. Çünki o, birinci olub, yol açıb, çünki o, daim sevilən bir nümunə yaradıb. O, yüzillər öncə ana dilində – türkcə danışmış, o dövrün məşhur şeir və sənət dillərində – farsca, ərəbcə yazmış Məhsəti bu gün dünyanın ən müxtəlif ölkələrində, ən müxtəlif dillərdə – almanla almanca, italyanla italyanca, fransızla fransızca, farsla farsca, ingilislə ingiliscə danışır”.

Sonda Azərbaycan incəsənət ustalarının Məhsəti Gəncəvinin rübailəri əsasında hazırladığı musiqili kompozisiya səslənib. Qədim Musiqi Alətləri Ansamblının etdiyi rəngarəng melodiyalar, rəqs və xor elementləri ekranda nümayiş etdirilən miniatürlər, Məhsətinin şeirlərinə çəkilmiş illüstrasiyalarla müşayiət olunub.

Tədbirdə Rafael Hüseynovun şairə haqqında tədqiqat əsərinin 20 dildə nəşr edilmiş nüsxələrindən ibarət sərgi təşkil olunub, müxtəlif dillərdə kitablar qonaqlara hədiyyə edilib.

2014

İlyas Əfəndiyev – 100

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə qurumun mənzil iqamətgahında əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri – yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

Yubiley tədbirini açan Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Səfir Anar Kərimov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qiymətli romanların və dram əsərlərinin müəllifi İlyas Əfəndiyevin 100 illik yubileyi tədbirində iştirakına görə Baş direktor İrina Bokovaya təşəkkürünü bildirib və tədbirin proqramı barədə qonaqlara məlumat verib.

Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova nasir və dramaturq İlyas Əfəndiyevin zəngin yaradıcılığına görə Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsinin müxtəlif mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini, yazıçının yaradıcılığının öz xalqının zəngin mədəniyyəti ilə sıx bağlı olduğunu bildirib.

Tədbrin bədii hissəsində İlyas Əfəndiyevin həyat və yaradıcılığı ilə bağlı sənədli film nümayiş etdirilmişdir. Filmdə yazıçı-dramaturqun Qarabağın məşhur bir nəslindən olmasından, valideynlərindən, uşaqlıq illərindən, gənclik dövrünün çətinliklərindən bəhs edilir, rus şair və yazıçılarından A.Puşkinin, A. Çexovun, M.Lermantovun, İ.Turgenevin, M.Qorkinin əsərlərinin mütaliəsinin onun ədəbiyyata gəlişində böyük rol oynadığından, Akademik Milli Dram Teatrı ilə 50 ilə yaxın əməkdaşlıq etdiyindən, çoxsaylı pyeslərinin teatrın səhnəsində oynanıldığından söhbət açılır.

Sonda Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişdilər. Mərasim iştirakçıları İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyevanın və nəticəsi Eldar Salayevin pianoda ifalarını böyük maraqla qarşılayıblar.

Yubiley mərasimində UNESCO-nun rəsmiləri, fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransada və Belçika Krallığındakı səfirləri, təşkilatda akkreditə olunan diplomatik korpusun əməkdaşları, diaspor təmsilçiləri iştirak ediblər.

“Parisdə, UNESCO-da Azərbaycanın böyük yazıçısı və dramaturqu İlyas Əfəndiyevin 100 illiyinin qeyd olunması əlbəttə, çox böyük hadisədir. Bu, o deməkdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz mədəniyyətini, yazıçılarının yaradıcılığını dünyada təbliğ edə bilir.

Tədbirdə iştirak edən qonaqlara məşhur yazar İlyas Əfəndiyevin əsərləri və işləri nümayiş etdirilib. YUNESKO-nun baş katibi İrina Bokova ilə Baş nazir köməkçisi Elçin Əfəndiyev günün əhəmiyyətini və xatırlanan məşhur yazar Əfəndiyevin şəxsiyyəti və fəaliyyəti haqqında çıxış ediblər. Ayrıca Azərbaycandan iştirak edən sənətçilər YUNESKO-nun Mərkəzində konsert veriblər. Konsertdən sonra tədbirdə iştirak edən qonaqlarla görüş keçirilib.

Ədəbi-nəzəri fikrin yaddaşına nəzər yetirdikdə İlyas Əfəndiyev fenomenini müəyyən edən və yekdil qəbul edilmiş estetik amillər bunlardır: Azərbaycan ədəbiyyatında lirik-psixoloji üslubun yaradıcılarından biri, ədəbiyyatımızda yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tarixində “İlyas Əfəndiyev” teatrının banisi. Nəhayət, nəsr dilində yeni poetik sistemin müəllifi. İlyas Əfəndiyev yaradıcılığının bütün istiqamətləri 1950-1990-cı illər ümumittifaq ədəbi prosesində gedən daxili inkişaf prosesini özündə təcəssüm etdirdi.

İlyas Əfəndiyevin adı Azərbaycan mədəniyyətində, ədəbiyyatında, teatrında hər zaman xüsusi hörmətlə çəkilir. Yubiley ilində ədibin “Sən həmişə mənimləsən” əsəri Londonda da tamaşaya qoyulmuş,   TÜRKSOY təşkilatıın xətti ilə təntənəli şəkildə qeyd edilmişdir.

İstinad: https://oxu.az/culture/25806

http://anl.az/down/ei_b.pdf

https://president.az/az/articles/view/10808/print

2015

“Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi

(Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın YUNESKO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə).

“Kitabi-Dədə Qorqud” Türk dünyasının şifahi xalq ədəbiyyatında müstəsna yeri olan qiymətli bir abidədir. Dastanda şeirin və nəsrin hər ikisinin sintezi “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir ədəbi abidəni yaratmışdır. Nəinki “Kitabi-Dədə Qorqud” dastanının formalaşdığı VII əsrdə, hətta yazıya köçürüldüyü XV əsrdə də nə Qərbdə və Şərqdə, nə də şifahi və yazılı ədəbiyyatda bu möhtəşəmlikdə bədii nəsr nümunəsi olmayıb. “Kitabi-Dədə Qorqud” dünya şifahi xalq ədəbiyyatının, dünya dastan yaradıcılığının şah əsərlərindən biridir, birincisidir. “Dədə Qorqud”un mükəmməl bədii mətni, milli və bəşəri ideyaları bunu sübut edir. Dastanlarda adətən, mənsub olduğu xalqın böyük idealları öz əksini tapır. “Kitabi-Dədə Qorqud” dastanlarında da mənsub olduğu xalqın böyük idealları əks olunmuşdur. Amma “Kitabi-Dədə Qorqud”dakı bu böyük ideallar Türk  dünyasının idealları, Azərbaycan xalqının böyük idealları olmaqla yanaşı, həm də ümumbəşəri ideallarıdır. Burada ədalət, müdriklik, qəhrəmanlıq, barış, ölümdən qorxmamaq, əbədiyyət, yurd və torpaq sevgisi, yüksək insanlıq dəyərləri kimi mətləblər öz əksini tapmışdır ki, bunlar da Azərbaycan coğrafiyası insanları üçün dəyərli, Türk dünyası və ümumən dünya üçün əhəmiyyətli olan çağırışlardır. Dədə Qorqudun ədalət, barış, müdriklik, insanpərvərlik çağırışları nəinki bu gün üçün, bundan sonrakı zamanlar üçün də son dərəcə aktualdır.

Azərbaycanda, Türkiyə Cümhuriyyətində, və ayrı-ayrı türkdilli ölkələrdə son yüzillikdə “Kitabi-Dədə Qorqud” dəfələrlə nəşr olunmuşdur. Ata kitabımız haqqında bir kitabxana yaratmaq qədər böyük tədqiqatlar aparılmışdır. Bu məqamda görkəmli qorqudşünaslar, Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülüzadə, Fərhad Zeynalov, Samət Əlizadə, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev və onlarla digər qorqudşünaslar elm tariximizdə dərin izlər qoymuşlar. “Kitabi-Dədə Qorqud” dastanlarının taleyində 20 aprel 1997-ci il tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqındakı fərman və bu fərmanın işığında həyata keçirilən çoxsaylı tədbirlər mühüm rol oynamışdır. “Kitabi-Dədə Qorqud” ensiklopediyası çap olunmuş, “Kitabi-Dədə Qorqud” dastanları elmi-tənqidi mətni ilə birgə nəşr edilmiş, dastanın geniş oxucu auditoriyası üçün sadələşmiş variantı ictimaiyyətə təqdim olunmuşdur. “Kitabi-Dədə Qorqud” haqqında qiymətli tədqiqatlar nəşr edilib xalqa çatdırılmışdır. “Kitabi-Dədə Qorqud”un motivləri əsasında rəsm əsərləri silsiləsi yaradılmış, şeirlər, poemalar, romanlar meydana çıxmışdır. Beləliklə, “Kitabi-Dədə Qorqud” əbədi yaşamaq haqqı qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı xüsusi sərəncamla “Kitabi-Dədə Qorqud” dastanlarının tapılmasının, aşkara çıxarılmasının, elm aləminə bəlli olmasının 200 illiyi Azərbaycanda və geniş mənada dünya miqyasında qeyd edildi. “Kitabi-Dədə Qorqud” günləri ölkəmizdə millimənəvi özünüdərkin, azərbaycançılığın, müstəqil dövlətçiliyin böyük dərsləridir. “Kitabi-Dədə Qorqud” dastanları sözün böyük mənasında milli-mənəvi bütövlük məktəbidir.

Aprelin 15-də UNESCO-nun mənzil-qərargahında Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Türkmənistanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri açan Dünya İrs Mərkəzinin direktor müavini xanım Meştild Rossler “Kitabi-Dədə Qorqud” eposunu təkcə türk xalqlarının deyil, dünya mədəniyyətinin qədim irsi kimi dəyərləndirib, eposun yazılı Drezden və Vatikan variantlarının olduğunu söyləyib. O, əsərin xalqların öz azadlığı uğrunda mübarizəsinin tarixiliyi baxımından çox dəyərli olduğunu, türkdilli ölkələrin əksəriyyətində Dədə Qorqudla bağlı abidələrin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev tədbirdə çıxış edərək deyib: “Kitabi-Dədə Qorqud” ən qədim dövrlərdən həyat və ölümdən, vəfa və xəyanətdən, məhəbbət və nifrətdən, igidlik və qorxaqlıqdan, xeyirdən və şərdən bəhs edib. Nəsillər bir-birini əvəz edib, əsrlər dəyişib, ancaq Qorqud dədənin söylədikləri həmişəki müdrikliyi ilə bərabər, həmişəki təzə-tərliyini saxlayıb. Tədbirdə Baş nazirin müavini qeyd edib: “Bu gün “Dədə Qorqud” UNESCO ilə neçə ölkə arasında mənəvi körpü yaradıb və biz bunu çox əlamətdar hesab edirik. Son illər Azərbaycan və UNESCO arasında çox sıx işgüzar əlaqələr yaranıb.

2017

“Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi

(1369-1417) (Qazaxıstanın, İranın və Türkiyənin dəstəyi ilə)

2017-ci ilin 18 may tarixində UNESCO auditoriyası növbəti möhtəşəm bir gecəyə şahidlik etmişdir.  Dahi Azərbaycan şairi və mütəfəkkiri  İmadəddin Nəsimini ölümünün 600-cü ildönümündə bir daha anmaq və onun ümumbəşəri dəyər kəsb edən zəngin irsini təbliğ etmək məqsədilə həmin gecə təşkilatın Parisdəki mənzil-qərargahında xüsusi hazırlanmış balet-konsertin premyera nümayişi olmuşdur.

Tədbirin rəsmi açılış hissəsində ölkəmiz adından çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, görkəmli yazıçı Elçin Əfəndiyev, UNESCO Baş direktoru vəzifəsinə namizəd, Səfir Polad Bülbüloğlu və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, Səfir Anar Kərimov Nəsimi dühasının Azərbaycan və dünya mədəniyyətindəki tarixi rolundan söz açmışdılar. Əsrlər öncə yaratdığı poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edən dahi mütəffəkkirin irəli sürdüyü ideyaların post-humanizm dövründə belə aktuallığını itirmədiyi xüsusi vurğulanmışdır.

UNESCO tərəfindən çıxış edən baş direktorun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxış edərək bildirmişdi ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir. Bu, müasir dövrümüzdə də öz təsir gücünü itirməyib.

Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi “Nəsimiyə ithaf” tamaşası təqdim olunmuşdur. Bu quruluş iki məşhur kamera əsərinin əsasında yaradılmış balet-konsertdir. Onlar bəstəkarın “Muğamsayağı” əsərinin və Amerikanın “Kronos” kvartetinin sifariş etdiyi və Yo-Yo Ma “İpək Yolu” transkontinental layihə üçün məxsusi yazılmış “Dərviş” musiqisinin vəhdətidir. Bu əsərlərin əsasında hazırlanan xoreoqrafik tamaşa dinləyicilərə təkcə musiqi ifaçılarını görmək deyil, həmçinin beş rəqqasın oynadığı səhnə hərəkətlərini müşahidə etmək imkanı yaradır. Burada Nəsimi obrazı daim həqiqəti axtaran və ədalət uğrunda mübarizə aparan kontekstdə təqdim olunub. Şair qara geyimlərdə olan iki personaj şəklində təqdim edilmiş “şər qüvvələri” dəf etməyə məcbur olur. Onlara qarşı özlərinin ağ romantik geyimləri ilə parlaq təzad təşkil edən iki qadın rolu – “xeyir qüvvələr” dayanır. Tamaşanın finalında Nəsiminin mistik və sehrli obrazının vasitəsilə xeyirin şər üzərində qələbəsi nümayiş etdirilir. Firəngiz Əlizadənin musiqi–teatr kompozisiyasında klassik və milli musiqi ənənələrimizin, muğamın və bəstəkar üslubunun müasir vasitələri ustalıqla sintez olunub. Bir tərəfdən qədim alətlər, digər tərəfdən isə videoinstallyasiyalar vasitəsilə tamaşanın innovasiya formasında müşayiət olunması əsərə xüsusi kolorit verir. Tanınınmış xoreoqraf Nailə Məmmədzadənin baletə verdiyi quruluşda Nəsimi obrazını Anar Mikayılov, şər obrazlarını Anar Tahirov və Eduard Arazov, xeyir obrazlarını Cəmilə Kərimova və Tamilla Məmmədzadə ifa ediblər. Musiqinin və Nəsimi səsinin ifaçısı tanınmış xanəndə, Azərbaycanın Əməkdar artisti Teyyub Aslanov olmuşdur. İstedadlı musiqiçilərdən ibarət orkestrdə skripkada, beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Elina Drux, Emin Hüseynov, violonçeldə Orxan Hüseynov,  Denis Utkin, violada İlqar Rzayev, Səbuhi Axundov, kanonda Təranə Əliyeva, zərb alətlərində Allahyar Vəzirov, neydə İlham Nəcəfov, fleyta Ağarəhim Quliyev ifa ediblər. Onların çıxışları sürəkli alqışlarla qarşılanıb. Tamaşanın video məzmunu rejissor Ülviyyə Könül, Ramiz Hüseynov və montajçı Teymur Nəcəfzadə tərəfindən hazırlanmışdır. Səs rejissoru Nazim Kərimov,  kostumların müəllifi Yelena Almazova olmuşlar.

“Nəsimiyə ithaf” əsərinin Parisdə keçirilmiş premyerasında Firəngiz Əlizadənin parlaq musiqi əsəri dinləyicilərə Nəsimi dünyasına daha dərin nüfuz etməyə, onun geniş emosional təsiri isə onlara dahi şairin yaradıcılığına geniş maraq göstərməyə vadar edib.

Konsert zalının qarşısındakı foyedə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.

1369-cu ildə Şamaxıda sənətkar ailəsində anadan olmuş şair 1417-ci ildə Hələbdə vəhşicəsinə edam etdirilmişdir. Həqiqət yolunda son nəfəsinədək mübarizəsindən dönməyən Nəsiminin dərisi soyulsa, bədəni parçalansa da, onun bəşəriyyətin mədəni-fəlsəfi dəyərlər xəzinəsinə bəxş etdiyi parlaq ideyaları 650 ildir ki kamillik yolunu seçən insanların ürəklərində yaşamaqda davam edir.

2017

İmadəddin Nəsiminin ölümünün 600-cü ildönümü

(1369-1417) (Qazaxıstanın, İranın və Türkiyənin dəstəyi ilə)

2017-ci ilin 18 may tarixində UNESCO auditoriyası növbəti möhtəşəm bir gecəyə şahidlik etmişdir.  Dahi Azərbaycan şairi və mütəfəkkiri  İmadəddin Nəsimini ölümünün 600-cü ildönümündə bir daha anmaq və onun ümumbəşəri dəyər kəsb edən zəngin irsini təbliğ etmək məqsədilə həmin gecə təşkilatın Parisdəki mənzil-qərargahında xüsusi hazırlanmış balet-konsertin premyera nümayişi olmuşdur.

Tədbirin rəsmi açılış hissəsində ölkəmiz adından çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, görkəmli yazıçı Elçin Əfəndiyev, UNESCO Baş direktoru vəzifəsinə namizəd, Səfir Polad Bülbüloğlu və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, Səfir Anar Kərimov Nəsimi dühasının Azərbaycan və dünya mədəniyyətindəki tarixi rolundan söz açmışdılar. Əsrlər öncə yaratdığı poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edən dahi mütəffəkkirin irəli sürdüyü ideyaların post-humanizm dövründə belə aktuallığını itirmədiyi xüsusi vurğulanmışdır.

UNESCO tərəfindən çıxış edən baş direktorun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxış edərək bildirmişdi ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir. Bu, müasir dövrümüzdə də öz təsir gücünü itirməyib.

Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi “Nəsimiyə ithaf” tamaşası təqdim olunmuşdur. Bu quruluş iki məşhur kamera əsərinin əsasında yaradılmış balet-konsertdir. Onlar bəstəkarın “Muğamsayağı” əsərinin və Amerikanın “Kronos” kvartetinin sifariş etdiyi və Yo-Yo Ma “İpək Yolu” transkontinental layihə üçün məxsusi yazılmış “Dərviş” musiqisinin vəhdətidir. Bu əsərlərin əsasında hazırlanan xoreoqrafik tamaşa dinləyicilərə təkcə musiqi ifaçılarını görmək deyil, həmçinin beş rəqqasın oynadığı səhnə hərəkətlərini müşahidə etmək imkanı yaradır. Burada Nəsimi obrazı daim həqiqəti axtaran və ədalət uğrunda mübarizə aparan kontekstdə təqdim olunub. Şair qara geyimlərdə olan iki personaj şəklində təqdim edilmiş “şər qüvvələri” dəf etməyə məcbur olur. Onlara qarşı özlərinin ağ romantik geyimləri ilə parlaq təzad təşkil edən iki qadın rolu – “xeyir qüvvələr” dayanır. Tamaşanın finalında Nəsiminin mistik və sehrli obrazının vasitəsilə xeyirin şər üzərində qələbəsi nümayiş etdirilir. Firəngiz Əlizadənin musiqi–teatr kompozisiyasında klassik və milli musiqi ənənələrimizin, muğamın və bəstəkar üslubunun müasir vasitələri ustalıqla sintez olunub. Bir tərəfdən qədim alətlər, digər tərəfdən isə videoinstallyasiyalar vasitəsilə tamaşanın innovasiya formasında müşayiət olunması əsərə xüsusi kolorit verir. Tanınınmış xoreoqraf Nailə Məmmədzadənin baletə verdiyi quruluşda Nəsimi obrazını Anar Mikayılov, şər obrazlarını Anar Tahirov və Eduard Arazov, xeyir obrazlarını Cəmilə Kərimova və Tamilla Məmmədzadə ifa ediblər. Musiqinin və Nəsimi səsinin ifaçısı tanınmış xanəndə, Azərbaycanın Əməkdar artisti Teyyub Aslanov olmuşdur. İstedadlı musiqiçilərdən ibarət orkestrdə skripkada, beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Elina Drux, Emin Hüseynov, violonçeldə Orxan Hüseynov,  Denis Utkin, violada İlqar Rzayev, Səbuhi Axundov, kanonda Təranə Əliyeva, zərb alətlərində Allahyar Vəzirov, neydə İlham Nəcəfov, fleyta Ağarəhim Quliyev ifa ediblər. Onların çıxışları sürəkli alqışlarla qarşılanıb. Tamaşanın video məzmunu rejissor Ülviyyə Könül, Ramiz Hüseynov və montajçı Teymur Nəcəfzadə tərəfindən hazırlanmışdır. Səs rejissoru Nazim Kərimov,  kostumların müəllifi Yelena Almazova olmuşlar.

“Nəsimiyə ithaf” əsərinin Parisdə keçirilmiş premyerasında Firəngiz Əlizadənin parlaq musiqi əsəri dinləyicilərə Nəsimi dünyasına daha dərin nüfuz etməyə, onun geniş emosional təsiri isə onlara dahi şairin yaradıcılığına geniş maraq göstərməyə vadar edib.

Konsert zalının qarşısındakı foyedə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.

1369-cu ildə Şamaxıda sənətkar ailəsində anadan olmuş şair 1417-ci ildə Hələbdə vəhşicəsinə edam etdirilmişdir. Həqiqət yolunda son nəfəsinədək mübarizəsindən dönməyən Nəsiminin dərisi soyulsa, bədəni parçalansa da, onun bəşəriyyətin mədəni-fəlsəfi dəyərlər xəzinəsinə bəxş etdiyi parlaq ideyaları 650 ildir ki kamillik yolunu seçən insanların ürəklərində yaşamaqda davam edir.

2017

Cənabi Qafqaz regionunda Alman koloniyalarının 200-cü ildönümü
(Şvab Almanlarının Azərbaycana və Gürcüstana miqrasiyası) (Almaniyanın dəstəyi ilə, Azərbaycan və Gürcüstan)

2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamı imzalanmışdır.

Parisdə YUNESKO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, YUNESKO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb. Bildirib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər. Hökumətimiz ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımi şərait yaradılması üçün zəruri tədbirlər görüb.

Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyindən söz açan səfir dövlət müstəqilliyini bərpa edən ölkəmizin elə ilk gündən xarici işğala məruz qaldığını diqqətə çatdırıb. İqtisadi və humanitar çətinliklə üzləşən Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən ölkəyə çevrildiyini qeyd edib. Ölkəmizin YUNESKO-nun layihələrinə maliyyə dəstəyindən danışıb.

Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla YUNESKO arasında mühüm əməkdaşlıqdan söz açaraq, ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayır.

İki ildən bir ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb və gələn il onun 10 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalanıb.

YUNESKO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin Azərbaycanı yaxından tanımağa imkan verdiyini bildirib. O, Azərbaycanı YUNESKO-ya üzv olmasının 25 illiyi münasibəti ilə təbrik edib. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

Sonra tədbir iştirakçıları gənc pianoçu Etibar Əsədli və Vurğun Vəkilovun ifasında səsləndirilən Azərbaycan və alman bəstəkarlarının klassik musiqi sədaları altında sərgi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

Sonda Erik Falt bildirib ki, Azərbaycanı yaxından tanımağa imkan yaradan sərgi alman təsirinin müxtəlif aspektlərini də əks etdirir. “Sərgi ölkənizin multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da YUNESKO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür”, – deyə E.Falt vurğulayıb. Qeyd edib ki, Azərbaycan YUNESKO–nun fəal tərəfdaşıdır və mədəniyyətlər arası dialoqun təşviqinə böyük töhfələr verib.

Həmin ilin 23 noyabr taarixində  UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilmişdir.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanındakı səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan adından ölkənin mədəniyyət və turizm naziri, həmçinin  UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri çıxış etmiş, yubiley tədbirlərinin önəmi və proqramı haqqında məlumat vermişdilər . Mərasimdə Azərbaycan, Gürcüstan və Almaniyadan gəlmiş musiqiçilərin bu ölkələrin ənənəvi və klassik musiqilərini səsləndirəcəkləri elan edilmişdir. Konsertdə Azərbaycan muğamı ilə yanaşı, gürcü polifonik mahnısı və İ.S.Baxın klassik əsərləri ifa olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan muğamı və gürcü polifonik mahnısı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

UNESCO tərəfindən çıxış edən təşkilatın baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt, habelə, Gürcüstanın UNESCO yanındakı nümayəndəliyinin rəhbəri Ekaterina Siradze-Dölone, Almaniyanın qurumdakı nümayəndəliyinin rəhbəri Stefan Kravyelski Azərbaycandakı tolerant mühitdən və ölkənin mədəniyyətlərarası dialoqa töhfəsindən danışıblar.

Çıxışlardan sonra tarixçi, Azərbaycanın tanıtımı ilə bağlı televiziya layihələrinin müəllifi Fuad Axundov XIX əsrdə almanların ölkəmizdə məskunlaşması tarixi ilə bağlı məlumat vermişdir. Azərbaycanda almanların yaşadıqları məkanlar, onların həyat tərzi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Daha sonra Azərbaycan və gürcü musiqi xadimlərinin konsert proqramı təqdim olunub. Sonda tədbir iştirakçıları almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.

İstinad: https://www.medeniyyet.az/page/news/41691/.html?lang=az

http://multikulturalizm.gov.az/az/post/1684/azerbaycanda-almanlar.html

https://president.az/az/articles/view/20900

https://azkurs.org/pars_docs/refs/25/24278/24278.pdf

2017

Molla Pənah Vaqif – 300

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsi həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər gerçəkləşib.

“Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”. Ziddiyyətli dövrdə yaşamasına baxmayaraq Vaqif xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlayıb. Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətləri olmuşdur. Hər bir azərbaycanlı Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Doğrudan da M.P.Vaqifə qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı üslubda yazan şair az olub. Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M.P.Vaqif yaradıcılığında daha güclüdür. Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq yenə də M.P.Vaqifə məxsus keyfiyyətdir.

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.

1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərə ucaldılmışdır.

İstinad: http://www.qazax-ih.gov.az/az/photo/boyuk-azerbaycan-sairi-molla-penah-vaqifin-300-illik-yubileyi-13052017-ci-il.html

https://culture.gov.az/az/umumi-xeberler/molla-penah-vaqifin-300-illik-yubileyi-tenteneli-merasimle-qeyd-olunub

https://president.az/az/articles/view/22465

 

2018

Qara Qarayev – 100

Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.

Tədbirdə Azərbaycanın xarici işlər və mədəniyyət nazirləri, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi bəstəkarın yaradıcılığı ilə yaxından tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb. Bildirib ki, yaradıcılığı boyu ayrı-ayrı klassiklərin, xüsusilə Nizaminin və Füzulinin əsərlərinə müraciət edən Qara Qarayev “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəy Hacıbəylidən öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alıb.

Səfir böyük bəstəkarın 110-na qədər əsər yazaraq, milli musiqi tariximizdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilib, onun adına küçə, metro stansiyası var. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində Qara Qarayevin abidəsinin açılışı olub.

UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayevin musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.

Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib. Orkestri Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov, Cəmil Sədizadə, Elvin Xoca Qəniyev (virtuoz skripka) müşayiət ediblər.

Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərindən fraqmentlər göstərilib. Dahi bəstəkarın əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qara Qarayev xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirib. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.

Qara Qarayev bütün yaradıcılığı boyu ayrı-ayrı klassiklərə müraciət edib. Bu məqamda ilk olaraq Nizami yada düşür. Çünki Nizami mövzusu bəstəkarın hələ gənclik illərində xor üçün yazdığı “Payız”dan tutmuş “Leyli və Məcnun” simfonik poemasına, “Yeddi gözəl” baletinə, “Nizami” filminə bəstələdiyi musiqiyədək onun yaradıcılığının ana xəttini təşkil edib. Nizami humanizmi, Nizaminin ədalət axtarışları, hətta Nizami utopiyası, görünür, hələ gənc çağlarından etibarən bir insan və sənətkar kimi Qara Qarayevin daxili aləmi ilə həmahəng olub. Onun müraciət etdiyi digər böyük bəşəri simalar sırasında Ömər Xəyyam, Şekspir, Servantes, Löpe de Veqa, Puşkin, Lermontov, Fransisko Qoya, Merime, Edmon Rostan, Cəlil Məmmədquluzadə və başqaları var.

 

2019

Bakı Dövlət Universiteti – 100

UNESCO Baş Konfransının Parisdə keçirilən 39-cu sessiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin təşkilatın 2018-2019-cu illər üzrə yubileylər proqramına daxil edilməsi və bu çərçivədə yubiley tədbirlərinin qeyd olunması qərara alınmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.

Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.

Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb.

Anar Kərimov tədbirin rəsmi hissəsini açaraq BDU-nun yaradılması kimi tarixdə yeni və şərəfli bir səhifə açan Azərbaycan Demokratik Respublikası haqqında ətraflı məlumat verib, onun qısa bir müddətdə qadınlara səsvermə hüququ, parlamentin yaradılması, söz azadlığının verilməsi, vətəndaşların bərabər hüquqlarının təmin edilməsi kimi köklü islahatların müəllifi olduğunu bildirib.

UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko BDU-nun ölkə daxilində elmin inkişafına əvəzolunmaz töhfələr verdiyi kimi, beynəlxalq səviyyədə də elmi nailiyyətlərin əldə edilməsində xüsusi rolu olduğunu bildirib. O, sülhün, dialoqun, mədəni müxtəlifliyin inkişafında BDU-nun rolunu xüsusi qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov ölkənin inkişafında BDU-nun müstəsna rolundan danışıb. BDU-nun yetişdirdiyi məzunların ölkənin siyasi həyatında və digər sahələrindəki fəaliyyətlərinə toxunub. BDU-nun rektoru Elçin Babayev universitetin keçmiş uğurları ilə yanaşı bugünkü planları və yaxın gələcək üçün qarşısına qoyduğu hədəfləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. Həmçinin BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Aida İmanquliyevanın adları səsləndirilib.

Dayanıqlı inkişafın reallaşmasında təhsilin roluna, bu baxımdan BMT və UNESCO-nun narahatlığı, ölkəmizin UNESCO vasitəsi ilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələri, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı təşkilatına üzv olan bir çox ölkələrin gənclərinin ölkəmizdə təhsil ala bilməsi üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamından danışılıb.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub. Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun dirijorluğu, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bütün zal ayağa qalxıb.

İstinad: https://president.az/az/articles/view/25857

http://bsu.edu.az/az/news/parisd_unesconun_ba_qrargahnda_bak_dvlt_universitetinin_100_illiyi_tntn_il_qeyd_olunub_

2020

Əbdürrəhim bəy Haqverdiyev – 150

Naşir, damaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi, diplomat Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi 2019-cu ildə UNESCO Yubileylər Proqramına daxil edilsə də, 2020-ci ildə COVİD-19 pandemiyasının bütün dünyanı cənginə alması xarakterindən asılı olmayaraq bütün kütləvi tədbirlərin fiziki olaraq keçirilməsini dayandırılmışdır.

Bununla belə, Azərbaycan mədəniyyətinin və elminin inkişafında böyük xidmətlər göstərmiş Əbdürrəhim bəy Haqverdiyevin ruhunu bir daha yad etmək məqsədilə 15 dekabr 2020-ci il tarixində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə virtual tədbir təşkil edilmiş və Nazirliyin sosial media kanalları vasitəsilə canlı yayımlanmışdır.  Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-presidenti İsa Həbibbəyli, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov,  Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, habelə ədibin nəticəsi və ev muzeyinin təmsilçisi Eldar Məlik-Abbas məzmunlu çıxışlar etmişdilər.  Natiqlər Haqverdiyevin həyatı, onun UNESCO idealları ilə həmahənglik təşkil edən elmə və mədəniyyətə verdiyi böyük töhfələri haqqında danışaraq,  çoxşahəli yaradıcılığının müxtəlif aspektlərinə toxunmuşlar.

1870-ci mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulmuş Əbdürrəhim bəy ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra isə Şuşa realnı məktəbində almışdır (1881-1890). Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır və burada “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra (1902-1903) Bakıda Şərq konsertləri verir və “Ata və oğul”, “Ayın şahidliyi” kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı “Ağa Məhəmməd şah Qacar” faciəsinə materiallar toplayır.

“Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir, “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “həkimi-nuni-səqir”. “Laqlaqı”. “Mozalan”, “Süpürkəsaqqal” və s.imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə və felyeton çap etdirir. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur. 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır.

Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirib, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb. Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.