UNESCO haqqında

UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.